Son günlər metroda nə baş verir? - VİDEO Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO
Axtar
 
  • / Sosial / — 12 Dekabr 2024

    Son günlər metroda nə baş verir? - VİDEO

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma

Tarix 04.12.24, 0:11

Font ölçüsü : - / +
bitmap-img6


“Panama sənədləri”, “Pandora sənədləri” kimi səs-küylü ifşaları ilə tanınan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) əsasən ABŞ və bir sıra Avropa ölkələrinin hökumətləri tərəfindən maliyyələşdirilib.

“Report” xəbər verir ki, bu barədə Fransanın “Mediapart”, İtaliyanın “Il Fatto Quotidiano”, Yunanıstanın “Drop Site” və “Reporters United” nəşrlərinin birgə genişmiqyaslı araşdırmasında bildirilir. Araşdırma əvvəllər OCCRP ilə əməkdaşlıq etmiş Almaniyanın NDR ictimai teleradio şirkəti tərəfindən başladılıb.

Araşdırmaya görə, 2014-2023-cü illərdə ABŞ federal hökuməti OCCRP-nin xərclədiyi vəsaitin 52 %-ni təmin edib. O cümlədən OCCRP-nin yaradıldığı 2008-ci ildən indiyədək ABŞ hökuməti müstəqil qeyri-kommersiya redaksiyasına azı 47 milyon dollar ayırıb və əlavə 12 milyon dollar ayırmağı öhdəsinə götürüb. Eyni zamanda, digər Qərb hökumətləri - Böyük Britaniya, Fransa, İsveç, Danimarka və Niderland son 10 ildə azı 15 milyon dollar məbləğində vəsait ödəyiblər. OCCRP-nin Direktorlar Şurası bu araşdırmanı birgə dərc edən nəşrlər üçün verdiyi açıqlamada ABŞ-nin onların əsas sponsoru olduğunu təsdiqləyib.

“Başa düşürük ki, ağıllı insanlar bunu pis ideya hesab edə bilərlər, xüsusilə ona görə ki, bu, ABŞ jurnalistikasında adi hal deyil (hərçənd Avropada və digər ölkələrdə jurnalistikaya dövlət dəstəyi geniş yayılmış haldır). Bu məsələ illər əvvəl OCCRP-nin yaradılması zamanı ətraflı müzakirə edilmişdi. O zamankı Direktorlar Şurası – o cümlədən Şurada qalan, jurnalist və rəhbər kimi şəxsi reputasiyası qüsursuz olan bir neçəmiz OCCRP-nin bu maliyyə dəstəyi ilə apara biləcəyi jurnalist araşdırmaları naminə bu məsələdə güzəştə getməyin mümkünlüyünə qərar vermişdik. Əminik ki, nə hökumət, nə də donorlar OCCRP-nin reportajlarına redaksiya nəzarəti həyata keçirib”, - Direktorlar Şurası qeyd edib.

Üstəlik, müstəqil statusunu təsdiq etmək üçün OCCRP hətta ABŞ-nin milli maraqlarına zidd olan müstəqil araşdırmalar da aparıb, o cümlədən Pentaqonun Suriya üsyançılarını silahlandırmaq üçün şübhəli silah tacirlərinə necə etibar etdiyinə dair araşdırma aparıb, həmçinin ABŞ-nin narkotik siyasəti və miqrasiya siyasəti ilə bağlı materiallar toplayıb.

Araşdırmanın nəticələrinə görə, OCCRP-nin yaradılması üçün ilkin maliyyə 2008-ci ildə Beynəlxalq Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə İşləri Bürosu (INL, ABŞ Dövlət Departamentinin bir hissəsi) tərəfindən daxil olub. Eyni zamanda bu qrantı USAID idarə edib. Hazırda da USAID əməkdaşı Şennon Maquayr OCCRP-nin əməliyyatlarını kurasiya edir.

Araşdırma nəticəsində məlum olub ki, həm Dövlət Departamenti, həm də USAID rəsmi olaraq OCCRP-nin fəaliyyətinə müdaxilə etməsə də, maliyyə müəyyən şərtlərlə təmin olunur. O cümlədən federal hökumət yüksək rütbəli işçilərin, eləcə də yüksək səviyyəli redaksiya heyətinin təyin edilməsinə, illik iş planına veto qoya bilər. 

“OCCRP əsas heyəti dəyişməli olsa, məsələn, qrup rəhbəri Deyu Sallivanı dəyişmək istəsə, onlar CV ilə sorğu göndərirlər və biz onu nəzərdən keçirib razılıq veririk”, - Maquayr deyib.

Eyni zamanda OCCRP rəhbərliyi araşdırmaların bir sıra ölkələrin siyasi rejiminə təsirindən qürur duyur. “Biz yəqin ki, təxminən beş-altı ölkədə hökumət dəyişikliklərində iştirak etmişik” deyən Sallivan Bosniya və Herseqovina, Qırğızıstan, Çexiya və Monteneqronun adını çəkib.

OCCRP, həmçinin digər QHT-ləri də yeni araşdırma layihələrinə cəlb edir.

Bu cür tərəfdaşlığa misal olaraq Qlobal Antikorrupsiyaya Konsorsiumunu (GACC) – məqalələr əsasında sistematik şəkildə cinayət araşdırmaları və ya sanksiya prosedurları başlatmağa cəhd göstərərək OCCRP-nin araşdırmalarından istifadə edən proqramı göstərmək olar. GACC 2016-cı ildə, ABŞ Dövlət Departamentinin elan etdiyi və yekunda OCCRP-nin korrupsiyaya qarşı mübarizə aparan “Transparency International” QHT ilə tərəfdaşlıqla qalib gəldiyi müsabiqədən sonra yaradılıb.

GACC dörd digər hökumət və özəl donorlar tərəfindən birgə maliyyələşdirilir, lakin ABŞ hökuməti ən böyük ianəçidir: o, artıq GACC çərçivəsində OCCRP-yə 10,8 milyon dollar ödəyib, bunun 3 milyon dolları “Transparency International”ın subqrantı kimi təqdim olunub.

GACC iki fəaliyyət istiqamətinə malikdir. Birincisi, “Transparency”nin 65 ölkədə mövcud olan yerli bölmələrinin dəstəyi ilə OCCRP məqalələri əsasında məhkəmə araşdırmaları, sansksiya prosedurları və vətəndaş cəmiyyəti səfərbərliyi başlatmaqdır.

İkincisi, antikorrupsiya qanunvericiliyinin və çirkli pulların yuyulmasına qarşı qanunların daha da sərtləşdirilməsi üçün lobbiçilik etməkdir. 2024-cü ilin mayında OCCRP hökumətlər üçün Rusiyaya qarşı sanksiyalardan yan qaçmağa kömək edən vasitəçilərlə (məsələn, uydurma şəxslər, vəkillər) işləmək üçün ən yaxşı prosedurlar haqqında hesabat hazırlayıb.

Hesabat Böyük Britaniyanın analitik mərkəzi olan Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu (RUSI), Böyük Britaniyanın Analitika Mərkəzi ilə tərəfdaşlıqla hazırlanıb, Xarici İşlər, Birlik və İnkişaf Nazirliyi tərəfindən ödənilmişdi. RUSİ müdafiə və təhlükəsizlik orqanları ilə sıx əlaqələyə malikdir. Onun baş vitse-prezidentlərindən biri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru general Devid Petreusdur.

Jurnalist təşkilatının ABŞ-nin təşəbbüsü və pulu ilə, hətta yaxşı məqsədlə olsa belə, fəaliyyət göstərməsi ciddi etik suallar doğurur.

OCCRP və “Transparency” müstəqil fəaliyyət göstərdiklərini iddia etsələr də, Vaşinqton onların ABŞ maraqlarına zidd hərəkətinə mane olmasa da, OCCRP-nin 2021-ci il GACC qiymətləndirmə hesabatı göstərir ki, 228 real təsir nümunəsi var və onlardan yalnız 11-i “Amerika” ilə bağlıdır. Üstəlik, “Amerika” anlayışına həm də Mərkəzi və Cənubi Amerika da daxildir.

“Transparency” GACC-nin ABŞ-yə qarşı fəaliyyətindən yalnız bir konkret nümunə təqdim edib: “Pandora sənədləri” nəticəsində ortaya çıxan araşdırmalardan birində ABŞ-nin planetin ən böyük dənizaşırı mərkəzlərindən biri adlandırılmasından sonra QHT Vaşinqtonu öz daxili vergi sığınacaqlarında (məsələn, Delaver kimi) hökm sürən qeyri-şəffaflığa son qoymağa çağırıb. Lakin OCCRP bu məqalədə (Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu və “Washington Post” tərəfindən hazırlanmış) iştirak etməyib və “Pandora sənədləri” zamanı diqqətini prioritet sahələrinə - Rusiya, Mərkəzi Asiya və Şərqi Avropaya yönəldib.

Amma ABŞ üçün OCCRP layihəsi ayrı-ayrı hökumətlərin fəaliyyətlərini araşdırmaq baxımından demək olar nümunəvidirsə, Vaşinqtonun OCCRP ilə paralel olaraq böyüyən “Wikileaks” layihəsinə münasibətini xatırlamağa dəyər.

Araşdırmada qeyd edilir ki, “Wikileaks” 2006-cı ilin oktyabrında yaradılıb və artıq 2008-ci ilin martına qədər ABŞ Ordusu xəbər təşkilatının Ordu qüvvələrinin mühafizəsi, əks-kəşfiyyat, əməliyyat təhlükəsizliyi və informasiya təhlükəsizliyi üçün potensial təhlükə yaratdığı qənaətinə gəlib. 2010-cu ildə “Wikileaks” ABŞ-nin İraqdakı hərbi cinayətinin sübutu olan “Girov cinayəti” videosunu, daha sonra isə “Əfqan müharibə jurnalları”, “İraq müharibəsi jurnalları”, ardından noyabr ayında isə “Keyblgeyt”i – Dövlət Departamentinin minlərlə daxili kabel ismarışlarını paylaşıb.

Elə həmin zaman “Amazon”, “PayPal”, “Bank of America”, “Visa”, “Mastercard” və “Western Union” ABŞ hökumətinin təzyiqi ilə “Wikileaks”i öz xidmətlərindən ayıraraq, təşkilatı iflic vəziyyətinə salmağa çalışdı. Culian Assanj özünə sığınacaq axtarmalı oldu, nəticədə 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınmalı oldu.

“OCCRP-ni tənqid edənlər tez-tez Putinin təşkilatın Lenqlidən birbaşa əmr aldığını söylədiyi karikaturasına müraciət edirlər. Lakin bu, Amerikanın yumşaq gücünün təbiətinin yanlış anlaşılmasıdır”, - qlobal xəbər təşkilatı ilə birgə layihələr üzərində işləmiş Latın Amerikasında ən məşhur baş redaktorlardan biri “Drop Site News”a bildirib.

“OCCRP-nin ABŞ hökumətinə faydalı olması üçün onlara hər hansı məlumat təqdim etməsinə ehtiyac yoxdur. Bu, ABŞ-dən kənarda araşdırmalar aparan “təmiz əllər” ordusudur”, - o deyib, amma sponsorlar və həmkarları ilə münasibətləri qorumaq üçün anonimlik tələb edib. Anonim baş redaktorun sözlərinə görə, bu, həmişə başqa insanların korrupsiyasıdır: “Siz ABŞ hökumətindən antikorrupsiya işlərinə görə pul alırsınızsa, bilirsiniz ki, sizi təmin edən əli dişləsəniz, daha pul gəlməyəcək. Hətta ABŞ hökumətinin pulunu almaq istəməsəniz belə, ətrafınıza baxırsınız və görürsünüz ki, demək olar hər bir böyük xeyriyyə fondu hansısa təşəbbüsdə onlarla əməkdaşlıq edib və ya edir. Bu isə elə təəssürat yaradır ki, siz də belə əlaqələrlə jurnalistika üçün maliyyə vəsaiti əldə edə bilərsiniz. Amma həqiqət orasındadır ki, bəzi redaksiyalarda təsirin nə qədər güclü olduğunu bilmirik”.




Xəbərin oxunma sayı : 1219




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap